Günel Mövlud

Şeir Add comments

Sən mənə
Bir qarının
Masasının üstündəki yarımçıq limonla
Qəndqabındakı bərk konfetlərin
Gətirdiyi kədər,
Ayaqlarımdakı sızıltıya
Və içimdəki zəhərə qarışdığı vaxt
Məni öldürdüyü vaxt
Gərək idin…

Sən mənə
Hər gecə
Dişlərimin ovulduğu,
Dəmir əllərin sümüklərimi
Qarış-qarış sındırdığı,
Qırmızı şeytanın
Saçlarımı sığalladığı yuxulardan
Qan-tər içində oyandığımda
Gərək idin…

Sən mənə
Ruhumu küləklərə döydürmək üçün
Qapını çırpıb
Küçəyə çıxmaq istəyəndə
Evdəki adamlardan,
Küçədəki adamsızlıqdan
Qorxanda
gərək idin…

Sən mənə
Dörd divar arasında hövllənib
Pəncərəni açaraq
Damda çırpınan
Çöl quşlarına,
Həyətdə gəzişən
Küçə pişiklərinə
Pəncərəni örtub
Ev əşyalarına
Sığındığımda
Gərək idin…

Sən mənə
Üzümü sinənə
Başımı çiyninə söykəmək üçün gərək deyildin,
Sən mənə
Acı bir dərmanı udanda
Çırpına-çırpına axtardığım
Bir qurtum suya oxşadığın üçün
Gərək idin…

Mən acı bir ömrü
Sənsiz udurdum
Səni indi neyləyim…?!
Komandante…

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags:


2 Responses to “Günel Mövlud”

  1. Namiq Rəssam Says:

    xeyli bəyəndim…

  2. aysel Says:

    sadece chox sag olun, Gunel….chox chox sag olun

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .