Erasmus Rotterdamus – Axmaqlığın Mədhi

Kitablardan Add comments

50-ci fəsil

Peşələrinin xarakterinə görə tamamilə mənim partiyama aid olsalar da, şairlər mənə daha az borcludurlar. Çünki şairlər, azad ruhlu insanlardır, bütün işləri-peşələri axmaqların qulaqlarını oxşayacaq sarsaq qoşmalar söyləməkdir. Və özlərinin boşboğazlıqları ilə allahın qılığına girib əbədiyyət qazanmağa ümid etmələri azmış kimi, başqalarını da buna ümidləndirirlər. Filvatiya və Kola-kil bu təbəqədən olan adamlarla daha sıx dostluq əlaqələri saxlayırlar və ümumiyyətlə mənim daimi və inanılmış pərəstişkarlarım yoxdur.

Daha sonra ritorlar (ritor – qədim Yunanıstanda bəlağət müəllimi) gəlir, aradabir yollarını azsalar da, filosoflarla oynasalar da, hər halda yenə də bizim partiyaya aiddirlər, buna sübut olaraq onların, söylədikləri bütün cəfəngiyyatlarla yanaşı, necə ciddi-cəhdlə zarafat etmək qaydaları haqqında yazdıqlarını göstərmək olar.Əbəs yerə deyil ki, “Natiqliq sənəti haqqında” əsərinin müəllifi Herennius – onun kimliyindən asılı olmayaraq – axmaqlığı zarafatın bir növü adlandırır. Bu təbəqənin əsl kralı Kvintilianda da gülüş haqqında, “İliada”dakından daha geniş bir fəsil var. Oratorlar axmaqlığı o qədər yüksək qiymətləndirirlər ki, bəzən dəlil-sübutları olmayanda vəziyyətdən gülüşlə çıxırlar. Gülməli sözlər danışıb qəh-qəhə doğurmaq isə, şübhəsiz, Axmaqlıq haqqında elmin predmeti sayılmalıdır.

Əbədi şöhrət qazanmaq arzusuyla kitablarını buraxan adamların da mayası eyni xamırdan tutulub. Onların hamısı çox şeyə görə mənə borcludurlar, özəlliklə o adamlar ki, boş və mənasız cəfəngiyyatlarla kağızları qaralayırlar, çünki üləmalıq edən bu adamlar həmin sahənin biliciləri olan az sayda insanın hansı rəy verəcəyini nəzərə almırlar, hətta Persiy və Leliy kimi nüfuz sahiblərindən belə çəkinmirlər, buna görə də həmin adamlar mənim nəzərimdə paxıllıq hissindən daha çox yazıqlıq hissinə layiqdirlər. Bir baxın, belə adamlar necə əzab çəkirlər: əlavələr edir, düzəldir, ixtisar edir, yerini dəyişir, təzədən işləyir, dostlara göstərir, sonra, məsələn bir doqquz il keçmiş, çap edirlər, hələ də öz əsərlərindən narazı halda, yuxusuz gecələrin (yuxu da hər şeydən şirindir) və bu qədər məhrumiyyətlərin və əzabların nəticəsində qazandıqları nə olur? Onları bəyənən bir neçə zövqlü adamın tərifli sözləri. Bunlara əldən getmiş sağlamlığı, solmuş gözəlliyi, zəifləmiş gözləri, bəzən tamamilə kor olmanı, kasıblığı, qısqanclığı, pəhrizə oturmanı, erkən qocalığı, vaxtsız ölümü, – saymaqla başa gəlməz, – əlavə edin. Və bizim ağıl dağarcığımız, onun özü kimi bir iki kor olmuşun tərifinə görə, bütün əzablarının nəticəsində özünü mükafatlanmış sanır. Bunun əksinə olaraq, mənim sözlərimə qulaq asan yazıçı nə qədər xoşbəxtdir: o, gecələr əlləşmir, ağlına nə gəlirsə onu da yazır, ağlı qələmin ucundadır, kağıza xərclədiyi bir neçə quruşdan itirəcəyi bir şey yoxdur və nə qədər çox cəfəngiyyat yazsa da əksəriyyətin, daha doğrusu, bütün axmaqların və başdanxarabların xoşuna gələcəyini əvvəlcədən bilir. Onun kitabını təsadüfən oxumuş bir-iki dənə elm adamının ona nifrət bəsləməsilə ona nə olacaq ki? Bu qədər nəhəng və hay-küylü insan toplusuna bir-iki elm adamının nə təsiri ola bilər? Başqalarının əsərini öz adından dərc edərək başqalarının şöhrətini mənimsəyənlər, ədəbi oğurluqlarının üstü açılana qədər öz saxtakarlıqlarından bəhrə götürmək istəyənlər daha gülüncdür. Buna əmin olmaqdan ötrü onların özləri haqqında tərifli bir söz eşidən kimi necə özlərindən razı halda publika önündə çıxış etmələrini seyr etmək, kitab dükanlarında kitablarının necə sərgiləndiyinə qürurlanmalarını, hər səhifədəki xarici adlar kimi səslənən və bir sehir dusaına bənzəyən qoşa soyadlarını ucadan oxuyaraq özlərini tanınmış bir adam kimi aparmalarını görmək yetərli ola bilər. Bu adamların addan başqa da bir şeyləri yoxdur, allah da bilir! Və, dünyanın nə qədər geniş və nəhayətsiz olduğunu yada salsaq, onları tanıyanların o qədər də çox olmadığını görərik; üstəlik, nadan adamların zövqləri nə qədər rəngarəng olsa da, onlar haqqında tərifli sözlər söyləyənlərin də miskin bir azlıq olduğu ortadadır. Bu da məlumdur ki, həmin adların çoxu havadan uydurulub və ya qədim kitablardan götürülüb. Məsələn, biri özünə Telemax (4), başqası Stelena(5) və ya Laert(6), bir ayrısı Polikrat, Frazimax(7) adlarını götürüb. Eyni müvəffəqiyyətlə kimsə özünü Buqələmun və ya Boranı adlandıra bilərdi, ya da, filosoflar necə edərsə, adlarının yerinə alfa və ya beta və s. hərfləri yazmaqla kifayətlənərdi. Ancaq ən əyləncəlisi axmaqların axmaqlar haqqında, nadanların nadanlar haqqında tərifli sözlər söyləməsi, biri-birləri haqqında yaltaqcasına məktublar, şeirlər və mədhiyyələr göndərməsidir. Biri öz dostunu Alkeyə bənzədir, o biri Kallimaxa, guya bu Siserondan yaxşıdır, o da Platondan daha ağıllıdır. Bəziləri də, öz şöhrətlərini artırmaq məqsədilə özlərinə rəqib axtarırlar.

Beləliklə, döyüşən tərəflər öz uğurlarından razı halda, savaş meydanındakı qaliblər kimi özlərini zəfər qazanmış kimi hiss edərək biri-birlərindən ayrılıncaya qədər xalq da tərəddüd içində gözləməkdədir və fikirlər haçalanmaqdadır. Müdrik adamlar belələrinə gülür, onları əsl axmaq yerinə qoyurlar. Şübhəsiz, onlar həqiqətən də axmaqlardır. Lakin, mənim mərhəmətim sayəsində, bu adamlar öz keflərinə yaşayırlar və öz qələbələrini Stsipion zəfərindən(10) aşağı hesab etmirlər. Yeri gəlmişkən, başqalarının axmaqlıqları ilə məzələnən elm adamları da mən az borclu deyillər, əgər dünyanın ən nankor adamları adını öz üzərilərinə götürmək istəməsələr, bunu danmağa cəsarət etməzlər.

Tərcümə: Rasim Qaraca

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags:


Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .