Musa Əfəndi – Bir nəsr, bir nəzm

Bloglardan Add comments

Arzular – bizdən xəbərsiz

Qara qələmlə mavi gözlərini çəkmək istədim bu gün..

…bizi yaradanda Tanrı, hisslər səbətindən bir boxca götürdü – üstündə sevgi yazılan. Və bir ovuc sevgi yığıb o boxcadan, qoydu ovuc boyda ürəklərimizə. Günah torbalarımız boş, ürəklərimiz sevgi ilə dolu idi biz dünyaya ilk dəfə göz qırpanda. Və oldu bütün bunlar – bizdən xəbərsiz…

Sonra səni tapdım yuxularımda, gözümü açdım aya baxdım və səni sevdim – səndən xəbərsiz.

Hər gün mən aya baxdım, səni düşünüb… Hər gün mən aya baxdım səni düşünüb və sən də ayı gördün birdən, məni tapdın – məndən xəbərsiz.

Gözləri gizlədə bilmədik, ilk əvvəl gözlər dondu və sonra sözlər dondu dillərdə, danışa bilmədik, və sevdik hamı kimi – halbuki o günə qədər biz həmişə sevgidən xəbərsiz.

əvvəl düşündüm ki, gecikmişəm, mələklər ancaq göylərdə olur deyə düşünürdüm, buna görə idi özümdən razılığım və fikrim daim havalarda… və mən sənə gec rastladım, yerdəki mələklərdən xəbərsiz.

Görüşdük – insanlardan xəbərsiz.

Sonra sənə toxundum və sən bir arzu tutdun. Öpdüm sol yanağından.. sağ yanağından xəbərsiz. Yaş düşdü mavi gözlərdən, dalğalandı göz yaşın, sonar coşdu, daşdı arzular.. və son yaş düşdü gözlərindən – ulduz axdı sandım və mən bir arzu tutdum özümdən xəbərsiz.

Ikimiz də eyni şeyi arzuladıq – birbirimizdən xəbərsiz. Orda, uzaqda bir yerdə şəhər qurduq sonra səhəri çəkdik sarı qələmlə, günəşi qaldırdıq yuxudan, sonra ayı çağırdıq qaranlığımıza. Və söz verdik bir birimizə – son gün geriyə baxıb bütün insanlara deyəcəkdik “gedirik, qaçırıq, yeni səhərlərə qanad açırıq, orda bir həyat var və bizi gözləyir, biz bunu bacararıq sizdən ayrı və sizdən xəbərsiz!”

Sonra donduq, qaldıq bu şəhərdə, qəfil qışdan gizlənə bilməyən uşaqlar kimi…

Şimal küləkləri əsdi, üşüdün, sonra bir iki arzu dondu, qaldı, qurudu ürəklərimizdə.. isitdim əllərini, barmağımla ovucunda dairələr çəkdim və arzular yenidən oyandı bir – bir.

Və bilirik orda bir şəhər var və üşüyür bizsiz – bizdən xəbərsiz

Yarımçıq nəsillər və nəsrlər

Içək insanların şərəfsizliyinə,

Sevgili, bir dəfə də səbəbsiz içək..

Biz xoşbəxtliyi axtaranda buralarda

Bir zəncini göstərirdilər ekranda,

Ağ boya ilə dərisini rəngləyirdi…

Biz kəfəni öləndə geyinərkən,

Onlar ölməmək üçün kəfənlənirdilər.

Qəribə gələn o idi ki, mavi ekranda da

Zəncilər həmişə qara görünür..

Nəisə, içək insanların şərəfsizliyinə,

Sevgili, bir dəfə də səbəbsiz içək..

Blog Musa Əfəndiyə məxsusdur.

http://musaefendi.wordpress.com

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS



One Response to “Musa Əfəndi – Bir nəsr, bir nəzm”

  1. Gunel Xəzəl Says:

    Efendi,istənilən yeni yazını oxumadan öncə özümü ən qəribə duyğulara kökləsəm də,hər dəfə mövzularının dəyişkənliyi,yazının axarı,marağı ilə valeh edirsən.Təşəkkürlər sənə,ruhumuzu keyfiyyətli duyğularla bəslədiyinçün…UĞURLAR!

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .