1)
Yazı yazdığım vərəqlərin
üstünə düşən yarpaqları öpürəm
Ağacların qurumağında qocalıram, Səda!
Amma hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
Üzümü cırmaqla
Saçımı dağıt!
Sən dünən sığınacaq idin
Bu gün – xilas
Sabah
Sabah da sadəcə OLMAYACAQSAN
Mənsə hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
sabah yenə saçlarım çirklənəcək
quruyacaq əllərimin kobud dərisi
sabah yenə dodaqlarım səyriməyə
gözlərim ağlamağa hazır
sabah yenə həyat boz,
sevgi uğursuz…
«…mənsə yazı yazdığım kağızın üstünə tökülən
yarpaqları öpürəm…»
amma bilmirəm – necə unudurlar adamı?
Heç vaxt heç nəyi heç kimi unutmadım, Səda!
sevgilini burax,
insanı keç,
mən heç
səkkizinci sinifdə oxuyanda
köhnəliyindən
elə əynimdəncə cırılıb-çıxan
köynəyimin solğun yaşılını unutmadım
sevgilini burax
insanı keç
….heç, Səda, heç…ağlamıram
üzümü cırmaqla
saçımı dağıt
2)
Bəsdir!
Nə vaxta qədər
dibçəklərdən, güldanlardan
nazlı-nazlı boylanan gül-çiçək şəkilləri asılacaq
başımızın üstündən?
Bəsdir!
Nə vaxta qədər
damarlarımızı doğrayıb,
özümüzü asıb, odlayıb,
başımıza güllə çaxıb, öləcəyik?
Bəsdir!
Bir dostun sarılmağından,
bir mahnının sədasından,
bir kişinin öpüşündən ölmək istəyir adam!
Çoxdumu?
Onsuz da,
ağrısını unutduğun anda bitir kişi,
qoxusunu unutduğun anda bitir dost
sevdasını unutduğun anda bitir mahnı…
bir də, gözünün önündə
çoxlu-çoxlu insanların qocalıb-öləcəyini
xatırladığın anda bitir həyat!
Bitir, amma sən bilmirsən
Bilmirsən!
Sən anları yaşamırsan
sən anları xatırlayırsan
sonradan, heeey, sonradan…
Sən ancaq adamların qocalmağına
əşyaların köhnəlməyinə dözə bilmirsən
uşaqların ağlamağına dözə bilmirsən
bir yerə yığıb bütün körpələri
titrəyən əllərinin arxasıyla
silmək istəyirsən bütün göz yaşlarını
sonra da biləklərini doğramaq
hər gün daha çox
hər gün daha çox iştahla baxırsan damarlarına
hər gün daha çox uzaqlaşırsan insanlardan
Axı bilirsən:
bağrına basdığın dost öldürmür adamı,
sevdasına düşdüyün mahnı
ağrıya-ağrıya öpdüyün kişi öldürmür…
3) Gülümsəyən işarə…
Okeanın sahilində
İntihar edir balina.
Bu balıq nə Yesenindi,
Nə də şairə Marina.
Bezib, özünü öldürür
Səbəbi, niyəsi budu
Okeanda nəhəng balıq
Olmağın əvəzi budu.
İçi böyük adamların
Gen dünyada bir yeri yox.
Bizim böyük şəhərlərin
İntiharlıq sahili yox.
Elə-belə yazdım bunu,
Dedim, üzünü güldürüm.
Elə tənhayam ki, dostum!
Bəlkə özümü öldürüm?
Məndən əvvəl damarımı
İçimdəki qorxu kəsər
Sol döşümdəki ağrını
Ya ölüm, ya yuxu kəsər…





sən necə də gözəl yazırsan…
necə də dərin yazırsan…
maraqli seirlerdi cox.
super! soz yoxdu
yaxşı idi sonuncu daha yaxşı idi amma men demirem birinci ile ikinci yaxşı deyildi ele hamısı yaxşı idi
Ну что я могу сказать?пока что ,на данный моент:Б.Р.А.В.О=)))
Я вижу вы впервые тут публикуетесь,не так ли?ждем ваши другие “пронзающие сердце”стихотворения;пишите,творите,мир поэзии огромен и место для вас там найдется,так что как вдохновитесь,советую вам брать листок бумаги и ручку)))Удачи вам!
Hormetle Kerimova Fidan.
ne deyim ela….
Marqlıdı ürəyinə sağlıq hər şeyi necə də gözəl hissetdirə bilirsən