Ağalar Məmmədov – Ön Söz (Deyil)

Xəbərlər, Yazılar Add comments


Ağalar Məmmədova Deyil üçün yazdığı Ön Sözə görə öz minnətdarlığımı bildirirəm…

ÖN SÖZ

 

Mən özüm Ön sözləri həmişə sonda oxuyaram, əsəri oxuyub qurtardıqdan sonra. Təbii, əgər oxuduğum fəlsəfə kitabı deyilsə.

Bu, Əli Xəyyamın ilk sözüdür indilik. Mən ilk sözə ön söz yazıram. Amma mən də ilk dəfədir Ön söz yazıram. Maraqlı duyğudu, sanki eyni vaxtda iki ayrı ünvana – həm oxucuya, həm də müəllifə çatacaq bir Məktub yazırsan.

Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. Onun bu ilksözü işıq üzü gördüyü günlərdə 20 yaşı tamam olacaq. Hər yaşın öz şeiri var.

Redaktəni üz-üzə etdik. Teatrın qarşısındakı “Əli və Nino”da qırmızı şərabdan qurtumlaya-qurtumlaya, şeirləri dönə-dönə oxuduq. Ona dediklərimin çoxunu təklif kimi dedim, bəzilərini qəbul etdi, bəzilərinə də boynunu büküb gülümsədi, başa düşdüm ki, ta inad etməməliyəm. Bəzi şeirləri açıq-seçik (clare et distincte) başa düşmədim, amma bunu ummadım da, çünki başa düşürəm ki, bəzən şeir açıq-seçik anlanmaq üçün deyil. Ümumiyyətlə, oxudum-anladım uşaq aldanışıdır. Bəzən illərlə gözləmək lazım gəlir.

Kitabın adını vermək mənə düşdü, buna çox sevincliyəm. Əli Xəyyam(i) Xəzər universitetində fəlsəfə dərslərimin əla dinləyicilərindən biri olub. Bundan əlavə, o, təsəvvüfdən, Uzaq Şərq fəlsəfələrindən xəbərdar adamdı, kitaba bu adı təklif edəndə  nə demək istədiyimi dərhal başa düşdü, razılaşdı, hətta bəyəndi. Sağ olsun buna görə.

“Deyil” demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. “Deyil” – “… deyil”dir, amma bu “deyil” nəyə “deyil” deyir, nəyi deyilləyir? Bu, sirr qalır… Əli Xəyyama yaraşan.

Əli Xəyyamın şeirlərində yerə-göyə üsyan görünür. Göydən Yerə görə narazıdır, Yerdən Göyə görə. Göy nə üçün Yer deyil, Yer nə üçün Göy deyil?!

Əli Xəyyamın şeirləri arasında çox xoşuma gələn şeirlər, yaxşı saydığım şeirlər və bir neçə dənə də səhifədolduran şeir var. Kitabı çapa hazırlayanda belə şeirləri o da gördü, mən də. Amma onları kitabdan çıxartmadıq; güclü şeirləri xilas etmək üçün.

Şeirlərin içində artıq çoxdan əzbərimə köçürülən, sevdiyim misralar var, bir-ikisini yazım bura:

“Qurban olum, bərk-bərk geyin, sonra gəl”.

“Bir yataqda yatmaq mühüm deyil əzizim, eyni yuxunu görmək mühümdü”.

“Axı niyə qaranlığıma günəş atıb qaçırsız, Niyə sakitliyimə sataşırsız?”

“Kərpicləri dağıdılmış şəhər kimiyəm bu səhər”

“Bir qələm, bir də kağız tapdım, Tələsiy adını yazıram.”

Əli Xəyyamın dilini ədəbiləşdirmək – ütüləmək haqqını özümdə görmədim. Məsələn, əgər o, “istəyirəm” əvəzinə Təbriz ləhcəsində “istirəm” deyirsə, mənim nə haqqım çatır ki, onu düzəldim. Kitabda səhifə əvəzinə səyfə, betər əvəzinə bətər, tələsik əvəzinə tələsiy, öpmək əvəzinə öpməy, sevmək əvəzinə sevməy, ölmək əvəzinə ölməy, darıxmayın əvəzinə darıxmıyın, oyanmayım əvəzinə oyanmıyım, yaşayıram əvəzinə yaşıyıram, qucaqlayıb əvəzinə qucağlıyıb, qışqırıqları əvəzinə qışqırığları, burax əvəzinə bırax, cəmiyyətlə əvəzinə cəmiyyətinən və s. görəcəksiniz. Bu düzəlişləri etməməyimizin iki əsas səbəbi oldu.

Şeir dili dil içində dildir. Əxlaq normaları azadlığın qarşısında nədirsə, məntiq yaradıcı düşüncənin yollarında nədirsə, ədəbi dil normaları da şeir və fəlsəfənin qanadlarında belə bir zəncirdir. Buna görə də, qoy şeir dilimizi əyib-büksün, yoxsa dilimiz şeirimizi ütüləməsin.

Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın “différence” sözünü bilərəkdən yanlış olaraq “différance” yazması kimi.

Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz.

Balzakdan oxumuşdum, həyata necə başlamaq da əsasdı. Əli Xəyyam yaşamağa sevməklə başlayıb. Bəlkə hamı sevir, amma bəlkəsiz olan: hamı sevgisini sözə çevirmir, hələ-hələ sevgisinə fəlsəfə ilə baxmır.

Əli Xəyyam hayku (hokku) üslubunda yazdığı “Yalnız misralar” yazmaqda da özünü sınayıb və çoxusu da əla alınıb məncə. Məsələn, 

“Sən gələndə

ağac idim,

Sən getdin

kitab oldum.”

Buyurun, “O”nsuzluqdan doğan şeirlər kitabı.

Ağalar MƏMMƏDOV

31 yanvar, 2010-cu il

Bakı

 

 

Deyil kitabını bütün Ali & Nino kitab evlərindən, Akademiya kitabxanasından və ETÜD kitab klubundan əldə edə bilərsiniz.

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , , ,


7 Responses to “Ağalar Məmmədov – Ön Söz (Deyil)”

  1. Farid Says:

    indiyene kimi onsozu bele maraqnan oxumashdim,sheirleden zeif olmayib, cox superdi, tebrikler!)

  2. Fidan Says:

    Браво!!!))спасибо за такое интересное вступление)))

  3. Azer Says:

    Chox maraqli yazib on sozu Agalar melim, kitaba deyer.
    Tebrik edirem.

  4. Hasan Says:

    Ilk kitabinda ilk on soz ! Chox gozeldi Agalar melim ) Ali tebrikler ! Hec de birinci kitabini yazana oxshamadin !!)) Ugurlar !

  5. I Says:

    belə də Ağallar melim o qadar da felsefeni xoşlamır amma dikirleri sadaca eladi)

  6. aymira Says:

    superdi her zamanki kimi.bele semimi on sozunden sonra seirler nece olur olsun adamin oxumagi gelecek…Ali size de ugurlar.

  7. Sura Says:

    On sozu oxumadan hech bir kitaba bashlamamisham… eladi. bravo her ikinize…))

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .