Matsuo Basyo – Haykular

Kitablardan Add comments

Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.

***

Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül

***

Kədər səni alanda daha artıq hiss edirsən
Şərabın müdrikliyini
Yalnız kasıbçılıqda anlayırsan
Pulun ilahiliyini

***

Qulaq kəsilirəm dolunun səsinə
Təkcə mənəm burada dəyişməyən,
Bu qoca palıd ağacı kimi.

***

Uzaqlarda tətrik səsi
Boş yerə özünü yorur. İndiki zamanda
Şairlər yaman çoxalıb.

***

Şair Sempunun xatirəsinə

Sənin məzarına
Müqəddəs lotos yarpaqlarını deyil
Bir dəstə çöl otu gətirdim.

***

Dosta uğurlu yol arzusu

Eh, unutmadınsa əgər sən şairi,
Sayo-no Nakayama dağlarında öz-özünə de:
Bax elə buradaca o kölgəyə çəkilmişdi!

***

Şıq-şıq səs gəldi birdən
İçimdə dil açdı kədər…
Şaxtalı gecədə bambuk.

***

Pəncərəmdən baxdı ay
Nur saldı dörd bucağına
Mənim bu darısqal komamın.

***

Qürbətdə

Nazik alov dilimi,-
Lampanın yağı donub.
Ayılırsan…Kədər, kədər!

***

Avaragor qarğa, baxsana!
Hanı sənin köhnə yuvan?
Qaysı gül açdı hər tərəfdə.

***

Kəpənəklərin uçuşu
Oyandırır sakit zəmini
Günəşin istisində.

***

Seyrinə dalmışıq ayın.
Nəhayət nəfəsimizi ötürürük!-
Bulud keçib gedir.

***

Vıyıldayır payız küləyi!
Yalnız çöldə gecələdiyiniz zaman
Başa düşəcəksiniz şerlərimi.

***

Səhər açılmış sarmaşıqlara
Uçur kədər dolu vızıltıyla
Yarımcan mğmığa.

***

Təlaş içərisində
Xrizantem şehi içən bu kəpənək
Bir payız daha yaşamaq istəyir.

***

Çiçəklər soldu.
Toxumları tökülüb düşür
Sanki göz yaşlarıdır…

***

Sərt külək əsib əsib
Bambuk meşəsində gizləndi
Bir az sakitləşdi elə bil.

***

Kohnə qobu
Suya atıldı qurbağa
Səssizlikdə ləpələrin marçıltısı.

***

Nə qədər qar gördük indiyədək,
Ancaq elə buz ürəkli oldular hər zaman-
Yam-yaşıldır qayın ağaclarının yarpaqları!

***

Diqqətlə bax!
Quşəppəyi çiçəklərini görəcəksən
Çəpərin altında !

***

Oyan, oyan artıq!
Gəl mənə yoldaş ol,
Yatmış kəpənək

***

Qərbi əyalətə getmiş dosta

Qərb və ya şərq
Eyni bədbəxtlik hər tərəfdə
Külək hər yerdə eyni cürə üşüdür

***

İlk qar düşdü səhər erkən.
Azacıq əydi
Nərgiz yarpaqlarını

***

Bir az şərab içdim,
Ancaq yuxum daha da qaçdı…
Gecə yağan qar.

***

Su elə soyuqdur ki!
Uyuya bilmir qağayı,
Dalğalar üzərində ləngər vuraraq.

***

Çatırdayıb partladı bardaq:
Gecə donmuşdu içərisindəki su.
Diskinib ayıldım birdən.

***

Şəhərdə yeni il bazarı.
Heç olmasa bir dəfə gedə bilsəydim!
Özümə tənbəki çubuğu alardım.

Tərcümə: Rasim Qaraca

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , ,


One Response to “Matsuo Basyo – Haykular”

  1. Nermin Huseynzade Says:

    maraqlidi hamisi.Ugurlar

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .