Haruki Murakami – “Vaxtı boşuna xərcləməkdən xoşum gəlir”

Kitablardan Add comments

Məşhur yapon yazıçısı, azərbaycanlı oxuculara “Qoyun ovu” romanından tanış olan Haruki Murakaminin müsahibəsini sizə təqdim edirik. 


- Sahibi olduğunuz caz-bardan ötəri darıxırsınız?
- Hərdən. Mən o barı yeddi il işlətdim. Amma sərxoş müştərilərə tab gətirə bilmədim. Hərdən onlarla əlbəyaxa dalaşmalı və bardan bayıra atmalı olurdum. Üstəlik, bəzi musiqiçilər də istirahət günlərində “vurub”, bara gəlirdilər. Belə şeylərə daha baş qoşmaq istəmirəm. Amma bu təcrübə mənə istedad barədə çox şey öyrənməyə imkan verdi. Məsələn, indi bilirəm ki, on barmendən ancaq biri yaxşı kokteyl hazırlamaq bacarığına malikdir. Mən istedada inanmağı öyrəndim, eyni zamanda bunu da anladım ki, təkcə istedadlı olmaq hər şeyi həll etmir. İnsanın istedadlı doğulub-doğulmaması vacib həyati faktdır. İnsanlar məndən soruşur ki, yazıçı olmaq üçün nə etmək lazımdır. Onlara necə cavab verəcəyimi bilmirəm. Əgər istedadın yoxdursa, bu, zamanı havayı xərcləməkdir. Bir şey də var ki, həyat onsuz da zamanı boşuna xərcləmək deməkdir. Odur ki, mən bilmirəm…
 

- Deyirsiniz ki, həyat – zamanı boşuna xərcləməkdir?
- Məncə, belədir… Bəlkə də zamanı boşuna xərcləmək xoşuma gəlir. Dünyada elə şeylər var ki, mən onların ölüsüyəm – pişiklər, caz… elə qızlar da. Kitablar. Bunların hamısı mənə dünyada baş girləməyə kömək edir. Yazmaq üçün istedadım var, amma mənə həmişə elə gəlir ki, bu, vaxtı havayı xərcləməkdir. Sevimli yazıçım Dostoyevskidir. “Karamazov qardaşları”nda insanın oxumaq istədiyi və nə vaxtsa oxumaq istəyəcəyi çox şey var. Mən bu əsəri “ideal roman” adlandırıram. Bax bu, mən bunu yazmaq istəyərdim. Elə bilirəm ki, “Oyuncaq quşun gündəlikləri” ideal romana doğru atılmış addımdır. Dostoyevskinin dünyasına bir az yaxınlaşdığımı düşünəndə o məndən daha da uzaqlaşır və qarşıda bu qədər uzun yol varkən mənim elə az vaxtım qalıb ki…
 

- Bir müddət xaricdə yaşamağa və orada yazmağa sizi nə vadar etdi?
- Yaponiyada yaşadığım vaxtlar bircə arzum vardı – buradan mümkün qədər tez cəhənnəm olub gedim! Orada o qədər problemim vardı ki… Burada yaşayanda Yaponiyadakı bəzi sistemlərə qarşı olan nifrətim daha da artdı. Odur ki, Birləşmiş Ştatlara köçdüm. Beş il yaşadım və qəfildən hiss elədim ki, içimdə Yaponiya və yaponlar barədə yazmaq ehtirası var. Uzaqda olanda adam öz ölkəsindən daha yaxşı yaza bilir. Uzaq məsafədən vətəni olduğu kimi görmək daha asandır. O vaxta qədər Yaponiya barədə yazmağa elə də həvəsim yox idi. Sadəcə, özüm və öz dünyam haqqında yazmaq istədim.
 

- Yaponiyada Kansay (köhnə Yaponiya – Kioto, Osaka, Kobe) və Kanto (Tokio, İokoqama) rayonları demək olar ki, bir-biri ilə rəqabət aparır. Sizsə Kansayda doğulub, sonradan Kantoya köçdüyünüzə baxmayaraq, bu barədə yazmamısınız. Niyə?
- Mən otuz ildən çoxdur ki, Kantoda yaşayıram. On səkkiz yaşımdan bəri… Tokioda universitetə daxil olanda çalışdım ki, Kansay ləhcəsini tərgidim, Kansayla vidalaşım. Sonradan tezliklə Yaponiya ilə vidalaşmağa çalışdım. Harda yaşayıramsa, yaşayım, oradan tezliklə çıxıb getmək istəyirəm. Universitetdə oxuduğum vaxt ərzində indiki həyat yoldaşıma vuruldum. Və Tokioda yeni “mən”imi tapdım. Arvadım Tokiodan, Tokionun mərkəzindəndir. Amma həmişə mənə elə gəlir ki, kansaylılar tokiolulardan daha səviyyəli adamlardır.
 

- Mədəni cəhətdən?
- Bəli. Kansaylılar daha düşüncəli və intellektualdırlar. Kansay ləhcəsində metafizika barədə danışmaq mümkün deyil. Tokio ləhcəsinə öyrəşəndən sonra hiss elədim ki, kansaylı beynimi işə salaraq, daha aydın və səlist danışa bilirəm. Bu, əla kombinasiyadır. Kansaylılar qaraqabaqdır. Öz hisslərini gizlədirlər. İkimənalı danışırlar. Amma tokiolular belə deyil. Bu adamlar kansaylıların nə danışdığını başa düşə bilmirlər. Üstəlik, atam Kiotodandır, oralıları isə ümumiyyətlə, başa düşmək mümkün deyil.
 

- Sizin hər şeyi təzədən kəşf etmək ehtirasınız Amerika ədəbiyyatına olan marağınızdan irəli gəlir?
- Mən xeyli amerikalı yazarı tərcümə eləyib, onlardan çox şey öyrənmişəm. Mən dillər sistemində hərəkət edirəm. Bu, çox maraqlıdır. Yazıçılıq sənətində mənim müəllimim olmayıb. Müəllimim tərcüməçilik olub. Tərcümə edə-edə çox şey öyrəndim. Truman Kapotenin, Raymond Randlerin, Frensis Fisceraldın, Raymond Karverin əsərlərini sevirəm. Onlardan yazmağı öyrənmişəm. Əla yazıçılardır.
 

- Birləşmiş Ştatlarda çoxu belə düşünür ki, yazdığınız hekayələr eləcə, Nyu-Cersidə, yaxud Vermontda da baş verə bilərdi. Amma heç kim “Oyuncaq quşun gündəlikləri” barədə belə demir. Bu, təsadüfidir? Yoxsa siz “Gündəliklər…”də Yaponiya həyatını və tarixini daha məqsədyönlü şəkildə yazmağı qərara aldınız?
- Düzdü, mən başqa kitablarımda da müharibə mövzusuna toxunmuşam. Buna oxşar bir şeyi “Qoyun ovu”nda da eləmişəm. Çində yapon ordusunun bəzi “şücaət”lərini təsvir etmişəm. Amma gənc yaşlarında belə şeylərdən yazmaq çətin olur. Mənə elə gəlir ki, yazıçı kimi artıq yetişmişəm. “Gündəliklər…”rə başlayanda artıq tarix barədə yazmağı bacarırdım. Mən tapmaca tapmaq istəmirdim, ədəbiyyat yaratmaq istəyirdim. Amerika intonasiyasından, üslub və strukturundan yararlanaraq, ciddi kitab yazmaq istəyirdim. Üslubum yapon həmkarlarımın üslubundan fərqlənir. Və mən razıyam ki, buna qədər yazdıqlarım Vermontda da baş verə bilərdi. Hamısı yox, bəziləri…
 

- Mancuriyadakı hərbi kampaniyanı təsvir edəndən sonra sizə hədə-qorxu gələnlər oldumu?
- Yox. Çünki sağçı fanatlar əsərlərimi oxumurlar. Onlara maraqlı deyil. Mənə isə belə oxucular çox da lazım deyil.
 

- Öz fantaziyanızı, öz materiallarınızı da əlavə edərək, beynəlmiləl təhkiyə formasından istifadə etməyə başladınız. Bununla belə, yapon yazıçısı olaraq qaldınız. Bu, özündənarxayınlıqdır – elə bil öz janrınızın strukturu ilə manipulyasiya etməyə qərar vermisiniz…
- Yapon ədəbiyyatındakı əsas ənənə “sise-sötsu”dur (avtoportret roman). Birinci kitabımı yazanda hamı şoka düşmüşdü. Yazdıqlarım “sise-sötsu”dan çox fərqlənirdi. O vaxt az tənqidçi vardı ki, məni qəbul edirdi. Elə tənqidçilər var ki, hələ də məndən zəhlələri gedir. Amma kitabım çoxlarının xoşuna gəldi – bu, çox yaxşıdır. Yazıçı öz oxucusunu tapırsa, yaşaya biləcək. Prinsip budur. Əvvəl mənim yüz min oxucum vardı. Mən onlardan yapışdım və yaxalarını buraxmadım. On ildən sonra bu oxucuların sayı iki yüz min oldu. Lap yaxşı. “Norveç meşə”sini yazandan sonra oxucularımın sayı bir milyona çatdı. Bax bununla artıq öyünmək olardı. Milyonlarla oxucu isə – istisnadır. Belə şey tarixdə bir dəfə olur. Mənsə bir yazıçı kimi dünyada öz varlığımı sığortalamışam.
 

- Necə sığortalamısınız – maddi, estetik, yoxsa emosional mənada?
- Başa düşürsünüz də, mən yazıçı-romançıyam. Qalın, iri kitablar yazıram. Belə kitabları başa çatdırmaq üçün çox vaxt lazımdır. “Oyuncaq quşun gündəlikləri” dörd ilimi apardı. Yazdığın müddət ərzində nəyinsə hesabına yaşamalısan axı… Belə yerdə pul adamın çox köməyinə gəlir. Əgər pulun yoxdusa, oturub romanını yazmaq əvəzinə nəsə başqa bir işlə məşğul olmalısan. Bu isə – biabırçılıqdır!
 

- Bir hekayə nə qədər vaxtınızı aparır?
- Bir həftə.
 

- Cəmi bir həftə?
- İlkin qeydləri üç günə yazıb qurtarıram. Amma bu üç gün ərzində başqa heç nə eləmirəm. Sadəcə, yazıram. Sonra üç gün də hekayəni düzüb-qoşmağa sərf eləyirəm. Hazır hekayəni redaktoruma verirəm. Onun da öz mətbəx sirləri var. Hekayə mənə qayıdandan sonra təzədən yazıram, dəyişirəm, düzəldirəm. Son vaxtlar bütün bu proses bircə həftə vaxtımı alır. Orta hesabla bir aya üç hekayə yazıram.
 

- Zəlzələdən sonra Kansayda olmusunuz?
- Hə. Orada xeyriyyə qiraəti keçirmişəm.
 

- Bəs kütləvi qiraətə münasibətiniz necədir?
- Belə şeylərə dözə bilmirəm. Axmaq suallar verən, avtoqraf istəyənlərin sayı həddən artıq çox olur.
 

- Hardansa oxumuşdum ki, siz triatlonla (qaçış-red.) məşğul olursunuz. Altı dəfə Boston marafonunda, iki dəfə də Nyu-York marafonunda qaçmısınız. Ayda üç hekayə yaza-yaza məşqlərə necə vaxt çatdırırsınız?
- Bu da bir intizamdır. Diqqətini nəyəsə cəmləmək istəyirsənsə, sənə məhz fiziki güc lazımdır. Yazıçıların çoxu idmanı sevmir – amma yaxşı yazmaq üçün fiziki cəhətdən güclü olmaq lazımdır. Cavan və güclüsənsə, hər şey eləyə bilirsən, çünki buna gücün çatır. Yaşlananda isə mütləq bədəninlə məşğul olmalısan. Otuz üç yaşım tamam olanda mən siqareti atdım və qaçmağa başladım.
 

- İsanın yaşında?
- Doğrudan e… Bu, heç ağlıma gəlməmişdi.
 

- Siz hər yerdə, xüsusilə Yaponiyada qeyri-ənənəvi bir həyat keçirirsiniz. Heç bir qruplaşmaya qoşulmursunuz, ədəbi dairələrdə görünmürsünüz, müsahibə verməkdən xoşunuz gəlmir… Amma səyahət edirsiniz, istədiyinizi yazırsınız, öz yolunuzla gedirsiniz. Sizcə, bugunki yapon gəncliyi belə bir həyat yaşamaq istərdimi?
- Gənclik dəyişir. Əvvəlki nəsillərdən fərqlənir. Hərdən axmaqlıq eləyir. Sibuy rayonuna gedəndə ağ rəngə boyanmış saçları və fil sümüyündən olan ayaqqabı dabanlarını görəndə ətim tökülür. Bu – axmaqlıqdır. Gənclik hələ öz məqsədlərini, hansı hisslərlə, fikirlərlə idarə olunduğunu, nə etdiyini bilmir. Bu – təhlükəlidir. Yaponiyada gəncliyin ən böyük bəlalarından biri – millətçilikdir. Mən vur-tut bir yazıçıyam və özümü bunun qarşısında gücsüz sayıram. Belə güclü axınlara qarşı çox da güclü mübarizə aparmaq olmur. Amma şüarlar tez ölür. Tarix isə çox yaşayır.
 

 

 

Çevirdi: Günel M.

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , ,


One Response to “Haruki Murakami – “Vaxtı boşuna xərcləməkdən xoşum gəlir””

  1. Arzu Says:

    Maraqlıydı, sağolun

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .